gəncə terroru qurbanlarının xatirəsi anıldı

            11.10.2021-ci ildə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin fəal tələbələri Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət yerinə “Anım ziyarət”i təşkil  edib, həlak olan şəhər sakinlərinin xatirəsini yad ediblər.

Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru  Gülsüm Fətəliyeva, Xarici Dillər Kafedrasının Humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva və tələbələr iştirak ediblər.

Tələbələr əvvəlcə 11 oktyabr 2020-ci il tarixində Gəncəyə edilmiş 4-cü raket hücumu nəticəsində Muxtar Hacıyev küçəsində yerləşən dağıdılmış yaşayış ərazisinə baş çəkiblər. Daha sonra Qələbə parkı yaxınlığında yerləşən, 5-ci raket hücumu nəticəsində məhv olmuş ərazini ziyarət ediblər. Burada 16 şəhidin xatirəsinə ehtiram əlaməti olaraq güllər düzüblər.

Tələbələrlə Ermənistanın mülki vətəndaşlara qarşı törətdiyi cinayətlər haqqında söhbətlər aparılmış, dağıdılan ərazilər, mülki infrastruktur obyektləri, tarix-mədəniyyət abidələri haqqında müzakirələr edilmişdir.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanmışdır.

 Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.