27 Sentyabr – Qürur və ehtiram günümüzə həsr olunmuş tədbir keçirilib


Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar “27 Sentyabr – Qürur və ehtiram günümüz” adlı tədbir keçirilib.
Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbirdə 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyəti diqqətə çatdırılıb, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti vurğulanıb.
Tədbiri giriş sözü ilə Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva açaraq “Qəhrəmanlıq tariximizin unudulmaz səhifəsi” mövzusunda çıxış edib. Çıxışda 27 Sentyabrın Azərbaycan tarixində xüsusi yeri, Vətən müharibəsinin başlanması və xalqımızın həmrəyliyi haqqında fikirlər səsləndirilib.
Daha sonra Fransız dili kafedrasının dosenti Vüsalə İsgəndərova “Qəhrəmanlıq və Vətən sevgisi” mövzusunda çıxış edib. O, Vətənə bağlılığın, milli ruhun və qəhrəmanlıq ənənələrinin gənc nəslin dünyagörüşünün formalaşmasındakı əhəmiyyətindən danışıb. Çıxışında Fransız dili ixtisasının məzunu, Vətən müharibəsində şəhid olmuş Ömər Şirinov haqqında xatirələrini bölüşüb, onun tələbəlik illəri, müəllimləri və universitetlə bağlı xatirələrindən söz açıb. Şəhid məzunun xatirəsinin universitet kollektivi üçün xüsusi mənəvi dəyər daşıdığı vurğulanıb.
Tədbirdə, həmçinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Aygün Yusubova “Zəfərə aparan yol: Tarixi yaddaş və əbədi qəhrəmanlıq” mövzusunda çıxış edib. Çıxış zamanı Azərbaycan xalqının tarixi yaddaşı, Vətən uğrunda mübarizə və qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirin bədii hissəsində Filologiya ixtisasının I kurs tələbələri tərəfindən “Şəhidlər” kompozisiyası təqdim olunub. Ardınca Filologiya ixtisasının I kurs tələbəsi Zeynəb Atakişiyeva “Silahlan” şeirini səsləndirib.
Tədbir şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi, tarixi yaddaşın qorunması və Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyinin vurğulanması ilə yekunlaşıb.