14.11. 2025-ci il tarixində Xaricidillər Fakültəsinin Leksika və Ölkəşünaslıq kafedrasının baş müəllimi Hacıyeva Yaqut Mübariz qızının “İngilis dilində modal fellərin gücü” mövzusunda elmi-metodiki seminarı keçirildi.
Seminarın əsas məqsədi ingilis dilində modal fellərin məna çalarlarını, onların kommunikativ situasiyalarda oynadığı funksional rolu və tədris prosesində tətbiqinin effektiv metodlarını nümayiş etdirmək idi. Məruzəçi modal fellərin icazə, ehtimal, zərurət, məsləhət və bacarıq bildirmə kimi əsas semantik xüsusiyyətlərini nəzəri və praktik baxımdan geniş şəkildə şərh etdi.
Seminar müddətində Hacıyeva Yaqut Mübariz qızı əvvəlcədən hazırladığı slaydlar vasitəsilə modal fellərin qrammatik xüsusiyyətlərini, digər qrammatik kateqoriyalarla əlaqəsini və tədrisdə onların öyrədilməsi zamanı istifadə olunan interaktiv üsulları təqdim etdi. O, modal fellərin yanlış istifadəsi ilə bağlı tələbələrdə tez-tez rast gəlinən səhvlərin nümunələrini göstərərək onların düzgün formalarını izah etdi.
Məruzə zamanı həmçinin modal fellərin müasir kommunikasiya bacarıqlarının inkişafında rolu, danışıq fəaliyyətində səlisliyi artırması və müxtəlif situativ kontekstlərdə tətbiq imkanları haqqında elmi-metodik müzakirələr aparıldı. Seminar iştirakçıları ilə birlikdə modal fellər üzrə qısa praktiki tapşırıqlar icra olundu və onların nəticələri üzərində məntiqi-analitik analiz aparıldı.
Seminarın sonunda mövzu ilə bağlı sual-cavab təşkil olundu, metodik yeniliklər və tətbiq oluna biləcək yeni dərs modelləri müzakirə edildi.