Tələbələrimiz Gəncə Memorial Kompleksində şəhidlərin xatirəsini yad etdilər

Prezident İlham Əliyevin tapşırığı ilə mülki şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə fəaliyyətə başlamış Gəncə Memorial kompleksini Xarici Dillər fakültəsinin bir qrup tələbəsi ziyarət etmiş, 17 oktyabr Gəncə terrorunun il dönümü ilə əlaqədar hücum zamanı həyatını itirmiş şəhidlərin xatirəsini yad etmişdilər.

Tələbələr Gəncə Memorial Kompleksindəki muzey ekspozisiyası ilə tanış oldular. “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş zallar tələləbələrdə dərin təəssürat yaratdı.

Xatırladaq ki, 17 oktyabr 2020-ci il tarixində baş vermiş terror hadisəsi zamanı insan tələfatı və külli miqdarda dağıntılarla nəticələnən cinayətlər baş vermişdi. Xeyli sayda insan sağlamlığına və əmlakına dəyən ziyanla yanaşı, mənəvi-psixoloji sarsıntıya məruz qalmışdı. Həmin gün 4-ü qadın, 3-ü uşaq olmaqla 13 nəfər həyatını itirmiş, 20-si qadın, 5-i uşaq olmaqla 48 vətəndaş ağır xəsarətlər almışdı.