26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür

Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub.

Vətən müharibəsinə kimi ötən müddətdə ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər görüdü, silahlı qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərinin yaranması reallaşdırıldı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz işğal altında olan ərazilərimizin azad olunması üçün geniş hərbi əməliyyatlara başladı və 44 gün ərzində düşməni diz çökdürərək darmadağın etdi, ərazi bütövlüyümüz, tarixi ədalət bərpa olundu, eləcə də lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etmiş oldu. Vətən müharibəsi silahlı qüvvələrimizin nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Bu savaş, eyni zamanda XXI əsrin ən sürətli, müasir və ədalətli müharibəsi kimi yaddaşlara həkk olundu.

Bu gün Azərbaycan Ordusu yaradılmasının ildönümünü böyük qürur hissi ilə qeyd edir. Xalqımıza tarixində ən böyük Qələbə hissini yaşadan Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasına öz töhfəsini verəcək. Ümummilli Liderimiz Heydər Əliyevin də dediyi kimi: “Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır!”