Bu gün Filologiya (Azərbaycan dili və ədəbiyyat) ixtisasının I kurs tələbələri ilə fakültənin tədris işləri üzrə dekan müavini Məleykə Aslanovanın görüşü keçirilib.
Görüşdə Boloniya sisteminə uyğun olaraq yeni tədris ilinə başlayan tələbələrə universitet həyatına uyğunlaşma, tədris prosesinin təşkili, akademik məsuliyyət və yüksək nəticələr əldə etməyin yolları barədə ətraflı məlumat verilib.
Tələbələrə ilk növbədə Boloniya sisteminin əsas prinsipləri, kredit sistemi, fənlərin seçimi, qiymətləndirmə meyarları və akademik fəaliyyətin təşkili ilə bağlı vacib məqamlar izah olunub. Bildirilib ki, universitetdə uğurlu təhsil üçün tələbələrin dərslərdə müntəzəm iştirakı, fərdi mütaliəyə və müstəqil araşdırmaya vaxt ayırması, verilən tapşırıqları vaxtında yerinə yetirməsi mühüm əhəmiyyət daşıyır.
Görüş zamanı tələbələrə vaxtın düzgün idarə olunması, semestr ərzində akademik yükün planlaşdırılması, müəllimlərlə səmərəli akademik ünsiyyətin qurulması və universitetin təqdim etdiyi elektron resurslardan fəal istifadə ilə bağlı tövsiyələr verilib.
Həmçinin tələbələrin akademik dürüstlük prinsiplərinə riayət etməsinin, müstəqil düşünmə və tədqiqat aparmaq bacarıqlarının inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Tələbələr universitetin kitabxana, elektron resurs və digər imkanlarından səmərəli yararlanmağa, ictimai və elmi fəaliyyətlərdə fəal iştirak etməyə çağırılıblar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, onların universitet həyatına uyğunlaşması və tədris prosesində qarşılaşa biləcəkləri məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş I kurs tələbələrinin yeni akademik mühitə daha rahat uyğunlaşmasına, qarşıdakı tədris ili üçün düzgün hədəflər müəyyənləşdirməsinə və universitet həyatının ilk mərhələsində zəruri bilik və bacarıqları formalaşdırmasına xidmət edib.


