Gəncə Dövlət Universitetində “Nizami Gəncəvi yaradıcılığında multikulturalizm” mövzusunda ustad dərsi keçirilib


2025-ci il 16 may tarixində Gəncə Dövlət Universitetinin Xarici Dillər Fakültəsində “Nizami Gəncəvi yaradıcılığında multikulturalizm” mövzusunda ustad dərsi təşkil olunub. Tədbir fakültənin təşəbbüsü ilə, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə Nuru Paşa adına kitabxanada baş tutub.

Ustad dərsini Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının professoru, filologiya elmləri doktoru Məsməxanım Qazıyeva aparıb. Görkəmli alim mühazirəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığında multikultural dəyərlərin təcəssümündən, müxtəlif mədəniyyətlərə və xalqlara olan dözümlü və ədalətli münasibətdən bəhs edib.

Professor Qazıyeva qeyd edib ki, Nizami Gəncəvi əsərlərində yalnız öz xalqının deyil, ümumbəşəri dəyərlərin daşıyıcısı olmuş, onun poeziyasında humanizm, tolerantlıq, bərabərlik və dinlərarası dialoq ideyaları xüsusi yer tutmuşdur. Şairin multikultural baxışları həm Şərq, həm də Qərb mədəniyyətlərinin harmonik şəkildə əks olunduğu yaradıcılığında aydın görünür.

Dərs zamanı tələbələr tərəfindən verilən suallar ətrafında maraqlı müzakirələr aparılıb, mövzu ilə bağlı interaktiv fikir mübadiləsi həyata keçirilib. Tədbirin sonunda fakültə rəhbərliyi professor Məsməxanım Qazıyevaya təşəkkürünü bildirmiş və bu cür elmi maarifləndirici tədbirlərin tələbələrin dünyagörüşünün genişlənməsində mühüm rol oynadığını vurğulamışdır.