“Qırmızı papaq” nağılı və xəbərin növləri mövzusunda açıq dərs

Tarix: 6 may 2025-ci il
Yer: Gəncə Dövlət Universiteti, Xarici Dillər fakültəsi
Fənn: Rus dili
Kurs: I kurs, İngilis dili ixtisası
Müəllim:
Qafarova Gülnar Əbülfəz qızı

Açıq dərs: “Qırmızı papaq” nağılı və xəbərin növləri
2025-ci il 6 may tarixində Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində Rus dili fənni üzrə I kurs tələbələri üçün açıq dərs keçirilmişdir. Dərsin mövzusu “Qırmızı papaq” nağılı olmuşdur. Dərsi rus dili kafedrasının müəllimi Qafarova Gülnar Əbülfəz qızı aparmışdır.

Dərsin məqsədi tələbələrin həm lüğət ehtiyatını, həm də qrammatik biliklərini inkişaf etdirmək olmuşdur. Dərs teatrlaşdırılmış formada aparılmış, tələbələr nağılın səhnələrini canlandıraraq rus dilində danışıq və ifadə bacarıqlarını nümayiş etdirmişlər.

Dərsin əsas istiqamətləri aşağıdakılar olmuşdur:

  • Nağılın əsas leksikasının möhkəmləndirilməsi;
  • Xəbərin növləri (sadə feil şəkilli, mürəkkəb isimli və mürəkkəb feil şəkilli) ilə tanışlıq;
  • Tələbələrin qrammatik təhlil bacarıqlarının inkişafı;
  • Dinləmə və oxu bacarıqlarının tətbiqi;
  • Emosional əlaqənin və yaradıcı təfəkkürün gücləndirilməsi.

Dərsdə təşkil olunmuş mərhələlərə aşağıdakılar daxil idi: nağılın dinlənməsi və oxunması, cümlələrdə xəbərin növünün təyini, qrup işləri, cütlərlə praktiki tapşırıqlar və yekun yazılı qiymətləndirmə. Tələbələr ev tapşırığı olaraq nağılın süjeti üzrə müxtəlif xəbər növləri ilə 5 cümlə qurmalı idilər.