“İstiqamətin təsviri, sifət dərəcələri və Honq Konq şəhəri mövzusunda kommunikativ bacarıqların inkişafı” mövzusunda açıq dərs

Fransız dili müəllimliyi ixtisasında açıq dərs

17 aprel 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində “Praktik xarici dillər” kafedrasının müəllimi Günay İsmayılova tərəfindən “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənnindən fransız dili müəllimliyi ixtisasının I kurs tələbələri ilə açıq dərs keçirildi.

Dərs “İstiqamətin təsviri, Honq Konq şəhəri ilə tanışlıq və sifətin dərəcələrini əhatə edən ümumiləşdirici tapşırıqlar” a həsr olunmuşdu. Müəllim istiqamət bildirən cümlələrin quruluşu, intonasiyanın rolu və onların praktiki tətbiqi ilə bağlı izahlar verdi. Mövzunun mənimsənilməsini təmin etmək üçün interaktiv məşğələlərdən istifadə olundu.

Tələbələr – Daanova Aynur, Musayeva Dostuxanım, Mahmudzadə Fatimə və Məmmədzadə Fidan təqdimatlarla çıxış etdilər. Heydərova Səma, Məmmədzadə Jalə və Sarıyeva Səma isə “Yolu necə tapa bilərəm?” adlı dialoqu xəritədən istifadə edərək səhnələşdirdilər və beləliklə, nəzəri bilikləri praktik bacarıqlarla birləşdirdilər.

Sifətin müqayisə və üstünlük dərəcələrinin öyrənilməsi məqsədilə “Quizlet” platformasında interaktiv tapşırıqlardan istifadə olundu. Bu fəaliyyətlər tələbələrin qrammatik biliklərini və söz ehtiyatını möhkəmləndirdi.

Açıq dərsdə fakültə dekanı dos. Ə. Əsgərov, Praktik xarici dillər kafedrasının müdiri dos. Z. Əliyeva, baş müəllim N.Məmmədzadə, Fransız dili kafedrasının müdiri dos.M.Orucov, Alman dili kafedrasının müdiri dos. E. Atakiyev və digər pedaqoji heyət iştirak edərək dərsin yüksək elmi-metodiki səviyyədə keçirildiyini vurğuladılar.