Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir

2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış qələbə Ordumuzun gücünü, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdi

Azərbaycan Ordusunun parlaq tarixi Qələbələrindən biri olan şanlı Aprel döyüşlərindən yeddi il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşatdı.

Bu gün hər bir azərbaycanlı Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır.