Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər.

Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.

Qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hüdudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin ərazisinin 20 faizi işğal edildi.

Böyük Qayıdış proqramı çərçivəsində, ilk Xocalı sakinləri doğma torpaqlarına geri qayıtmışdır.[206]