5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsində Azad Həmkarlar İttifaqının dəstəyi ilə müəllim əməyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr, fakültədə uzun illər fəaliyyət göstərmiş və hazırda təqaüddə olan əməkdaşlar, eləcə də universitetin ictimai həyatında fəal iştirak edən əməkdaşlar iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd müəllim əməyinə ehtiram göstərmək, təhsil sahəsində uzun illər fəaliyyət göstərən əməkdaşların xidmətlərini qiymətləndirmək, fakültənin inkişafına töhfə vermiş əvvəlki nəsil müəllimləri yad etmək və müəllim-tələbə münasibətlərində formalaşan mənəvi dəyərləri diqqətə çatdırmaq olub.

Tədbir çərçivəsində Azad Həmkarlar İttifaqı tərəfindən fakültənin bir sıra müəllimlərinə təhsil və pedaqoji fəaliyyətlərində göstərdikləri xidmətlərə görə fəxri fərmanlar təqdim olunub. Təltif olunan müəllimlərə göstərilən diqqət onların əməyinə verilən yüksək qiymətin ifadəsi kimi dəyərləndirilib.

Tədbirin xüsusi qonaqları sırasında Filologiya və xarici dillər fakültəsində uzun illər fəaliyyət göstərmiş, hazırda isə təqaüddə olan əməkdaşlar da yer alıblar. Fakültənin inkişafında mühüm xidmətləri olmuş keçmiş əməkdaşlarla görüş iştirakçılar üçün həm qürurverici, həm də duyğulu anlarla yadda qalıb. Onlara fakültənin çoxillik fəaliyyətinə verdikləri töhfələrə görə təşəkkürnamələr təqdim olunub.

Tədbirdə fakültənin inkişafında böyük xidmətləri olmuş və artıq dünyasını dəyişmiş müəllimlərin də xatirəsi ehtiramla yad edilib. Onların Azərbaycan təhsilinə, universitetin inkişafına və tələbələrin yetişdirilməsinə verdikləri töhfələrdən bəhs olunub. Qeyd edilib ki, müəllimlərin yaratdığı elmi-pedaqoji irs və yetişdirdikləri tələbələr onların xatirəsinin yaşamasının ən böyük göstəricisidir.

Tədbirin ən yaddaqalan məqamlarından biri tələbələrin müəllimlər üçün hazırladıqları video təbriklər olub. Tələbələrin müəllimləri haqqında söylədikləri səmimi fikirlər, təşəkkür və xoş arzular tədbirə xüsusi ab-hava qatıb.

Belə tədbirlər bir tərəfdən müəllimlərin əməyinə verilən dəyəri nümayiş etdirir, digər tərəfdən isə fakültənin müxtəlif nəsillərini bir araya gətirərək ənənə ilə müasirliyi, keçmişlə gələcəyi birləşdirən mənəvi bağların qorunmasına xidmət edir.

Sonda bütün müəllimlər 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edilib, onlara öhkəm cansağlığı, pedaqoji fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulanıb.