“Siyasi mətnlərin tərcüməsinin xüsusiyyətləri. İctimai-siyasi mətnlərin tərcüməsinin ümumi məsələləri” mövzusunda açıq dərs

Rus dili kafedrasının müəllimi Qafarova Gülnar Abulfəz qızı tərəfindən Filologiya və Xarici dillər fakültəsinin III kurs tələbələri üçün “Siyasi mətnlərin tərcüməsi” fənni üzrə açıq dərs keçirilmişdir. Açıq dərsin mövzusu “Siyasi mətnlərin tərcüməsinin xüsusiyyətləri”, yeni mövzu isə “İctimai-siyasi mətnlərin tərcüməsinin ümumi məsələləri” olmuşdur.

Dərsdə siyasi terminlərin tərcüməsinin nəzəri və praktik aspektləri geniş şəkildə izah edilmişdir. Qeyd olunmuşdur ki, siyasi terminlər konkret siyasi sistem, ideoloji mühit və tarixi kontekstlə sıx bağlıdır və onların düzgün tərcüməsi xüsusi yanaşma tələb edir.

Tələbələrə siyasi terminlərin tərcüməsində qarşıya çıxan əsas çətinliklər — birbaşa ekvivalentlərin olmaması, çoxmənalılıq, ideoloji çalar və mədəni-spesifik anlayışlar — haqqında ətraflı məlumat verilmişdir. Həmçinin beynəlxalq təşkilatların təsiri, terminlərin dinamikliyi və aktuallığı vurğulanmışdır.

Dərs zamanı müxtəlif nümunələr əsasında tərcümə üsulları izah olunmuş, tələbələrin fəal iştirakı təmin edilmişdir. Müasir təlim texnologiyalarından istifadə dərsin səmərəliliyini artırmış və mövzunun daha yaxşı mənimsənilməsinə şərait yaratmışdir.