Gəncə şəhər S. Vəliyev adına 34 nömrəli tam orta məktəbdə ustad dərsi keçirilmişdir

Gəncə Dövlət Universitetində son illər ərzində həyata keçirilən səmərəli tədris prosesi, elmi-tədqiqat fəaliyyəti, tələbələrin hərtərəfli inkişafına yönəlmiş tərbiyə işləri və genişlənən beynəlxalq əlaqələrin şəhərimizin ümumtəhsil məktəblərində təbliği istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bu məqsədlə 13 fevral 2026-cı il tarixində Gəncə şəhər S. Vəliyev adına 34 nömrəli tam orta məktəbdə İngilis dili aylığı çərçivəsində maarifləndirici və interaktiv formatda ustad dərsi təşkil olunmuşdur.

Ustad dərsi universitetin Filologiya və Xarici dillər fakültəsinin Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müəllimi Zümrüd Rzayeva tərəfindən “Social Media” mövzusunda keçirilmişdir. Tədbirin əsas məqsədi şagirdlərin ingilis dili bacarıqlarını inkişaf etdirmək, onların müasir informasiya-kommunikasiya vasitələri barədə biliklərini artırmaq və sosial medianın düzgün istifadəsi ilə bağlı maarifləndirmə aparmaq olmuşdur.

Dərsdə Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri, dosent Elnarə Abdullayeva, kafedranın digər müəllimləri, məktəbin ingilis dili müəllimləri və yuxarı sinif şagirdləri iştirak etmişlər. Qonaqlar çıxış edərək universitet-məktəb əməkdaşlığının əhəmiyyətindən, şagirdlərin ali təhsil mühitinə hazırlanmasının vacibliyindən və bu kimi görüşlərin maarifləndirici rolundan bəhs etmişlər.

Məruzəçi Zümrüd Rzayeva dərs zamanı sosial medianın müsbət və mənfi tərəflərini ətraflı şəkildə izah etmiş, onun gündəlik həyatımızdakı roluna toxunmuşdur. Şagirdlərlə birlikdə sosial şəbəkələrin ünsiyyət, təhsil və informasiya mübadiləsində yaratdığı imkanlar müzakirə olunmuş, eyni zamanda təhlükəsizlik qaydaları, şəxsi məlumatların qorunması və asılılıq riskləri barədə geniş fikir mübadiləsi aparılmışdır.

Dərs interaktiv formada təşkil edilmişdir. Şagirdlər mövzu ilə bağlı videoçarx izləyərək müzakirələr aparmış, qrup işi formatında tapşırıqlar yerinə yetirmiş, müxtəlif oyunlar vasitəsilə ingilis dilində fikirlərini ifadə etmişlər. Bu yanaşma onların həm dil bacarıqlarının, həm də analitik düşünmə qabiliyyətlərinin inkişafına müsbət təsir göstərmişdir. Şagirdlərin fəallığı və mövzuya marağı dərsin yüksək səviyyədə keçdiyini bir daha nümayiş etdirmişdir.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar məruzəçi tərəfindən ətraflı cavablandırılmış, sosial medianın gələcək perspektivləri və düzgün istifadə mədəniyyəti barədə tövsiyələr verilmişdir. Görüş xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşmışdır.

Belə tədbirlərin təşkili universitet və məktəb arasında əməkdaşlığın daha da möhkəmlənməsinə, şagirdlərin dünyagörüşünün genişlənməsinə və onların gələcək təhsil həyatına daha hazırlıqlı şəkildə qədəm qoymalarına mühüm töhfə verir.