“Məşhurlar” mövzusunda açıq dərs keçirildi

2025-ci il noyabrın 6-da Xarici Dillər Fakültəsinin Leksika və Ölkəşünaslıq kafedrasının baş müəllimi İsayevа Kəmalə Ramiz qızı tərəfindən Tərcümə İngilis dili ixtisasının I kurs tələbələri ilə “Tərcüməçinin yazı vərdişləri” fənnindən açıq praktik məşğələ dərsi keçirilmişdir.

Açıq dərsin mövzusu “Cutting Edge” dərsliyinin 7-ci modulu – “Celebrities” (Məşhurlar haqqında təqdimat) olmuşdur.

Dərsin əsas məqsədi tələbələrdə yazılı və şifahi ifadə bacarıqlarını formalaşdırmaq, mətn quruluşunu düzgün yazmaq, yeni söz və ifadələri kontekstdə işlətmək, məşhur şəxslər haqqında təqdimat hazırlamaq və yazı prosesində əldə edilən bilik və vərdişləri praktik şəkildə tətbiq etməyə istiqamətləndirmək idi.

Dərs zamanı tələbələr qrup işləri təqdim etdilər. Qruplar Azərbaycan və xarici filmlərlə bağlı mövzular hazırlamışdılar. Təqdimatlarda Azərbaycan kinosunun tarixi və inkişaf mərhələləri haqqında maraqlı məlumatlar verildi. Daha sonra tələbələr cizgi filmləri haqqında dialoqları rollarla canlandırdılar.

Azərbaycan filmlərindən seçilmiş məşhur sitatlar tələbələr tərəfindən ingilis dilinə tərcümə edilərək slayd şəklində nümayiş etdirildi. Müəllimə tələbələrlə danışıq və yazı məşqləri apardı, daha sonra isə ev tapşırığının yoxlanması həyata keçirildi. Yoxlama zamanı tələbələrin buraxdığı yazı və qrammatik səhvlər nümunələrlə izah edilərək düzgün variantlar təqdim olundu.

Dərsin növbəti mərhələsində müəllimə əvvəlki mövzu ilə yeni mövzu arasında əlaqə yaradan yazı tapşırıqlarını tələbələrlə birlikdə yerinə yetirdi. Yeni mövzu əvvəlcədən hazırlanmış slaydlar vasitəsilə izah edildi və nümunələrlə möhkəmləndirildi.

Sonda tələbələr qruplara bölünərək “məşhurlar haqqında qısa yazılı təqdimatlar” hazırladılar və müəllimə tərəfindən qiymətləndirildilər. Dərsin sonunda tələbələrə növbəti dərs üçün ev tapşırığı verildi və bilik-bacarıqları qiymətləndirildi.