




12.05.25 tarixində leksika və ölkəşünaslıq kafedrasının müəllimi Hacıyeva Urqiyə “İngilis dili dərslərində yeni mövzunun təqdimatı. Tələbələri yeni mövzu üçün motivasiya etmək .” mövzusunda təlim keçirmişdir. O, təlim zamanı özünün iştirak etdiyi yerli və beynəlxalq təlimlərdə öyrəndiyi təcrübələri akademik heyətlə bölüşmüş, həmçinin öz araşdırmalarının nəticəərini də təlim fomasında iştirakçılara təqdim etmişdir. Təlimin əvvəlində tələbələrin dil öyrənmədə yaşadığı çətinliklərdən bəhs edilmiş, qrammatika və leksik biliklərə sahib olduğu halda xarici dildə ünsiyyət qurmaqda nə üçün geri qaldıqlarının səbəbləri göstərilmişdir. Təlimçi qeyd etmişdir ki, yeni mövzunun təqdim olunması hər bir xarici dil dərsinin vacib mərhələsidir. Bu, tələbənin marağını oyatmaq, mövzuya motivasiya yaratmaq və dərsin əsas məqsədinə fokuslanmaq üçün zəmin yaradır. Təqdimat mərhələsində müəllimin məqsədi yalnız mövzunu elan etmək deyil, həm də tələbənin mövzuya psixoloji və dil baxımından hazır olmasını təmin etməkdir. Yeni mövzunu bir neçə üsulla təqdim etmək olar:
1. Əvvəlki Biliklərin Aktivləşdirilməsi
Tələbələrə yeni məlumat verməzdən əvvəl onların bu mövzu ilə bağlı hansı bilik və təcrübəyə sahib olduqlarını müəyyənləşdirmək vacibdir.
Metodlar:
- Sual-cavab: Sadə suallarla müzakirəyə başlamaq (“Sən nə vaxtsa səyahət etmisən?” və s.)
- Şəkillər və real obyektlər (realia): Vizual materiallarla şagirdlərin fikrini cəlb etmək.
- KWL Cədvəli: Şagirdlər nə bilir (K), nə öyrənmək istəyir (W), nə öyrəndi (L).
2. Əsas Lüğətin Təqdimatı
Yeni mövzuya aid əsas söz və ifadələrin öyrədilməsi şagirdin dərsi başa düşməsi üçün baza yaradır.
Texnikalar:
- Şəkilli kartlar və ya söz divarı
- Tələffüz və təkrar məşqləri
- Qruplaşdırma və uyğunlaşdırma tapşırıqları (məsələn, söz – şəkil uyğunluğu)
3. Vizual və Avtentik Materiallardan İstifadə
Mövzuya aid real və ya reala bənzər materiallar şagirdlərdə maraq oyadır və kontekstə daxil olmağa kömək edir.
Materiallar:
- Qısa videolar (məsələn, YouTube-dan hava proqnozu, restoran səhnəsi və s.)
- Şəkillər, broşürlər, qrafiklər
- Sadələşdirilmiş xəbərlər və ya gündəlik situasiyalar
4. Mərhələli Sual Vermə və Müzakirə
Mövzu ilə bağlı sadə suallardan başlayaraq tədricən mürəkkəb suallara keçmək tövsiyə olunur.
5. İnteraktiv Tapşırıqlar
Tələbələrin fəal şəkildə iştirak etdiyi tapşırıqlar motivasiyanı artırır və mövzunun daha yaxşı mənimsənilməsinə səbəb olur.
Dərsin əvvəlində tələbələrə nə öyrənəcəklərini və bunun onların üçün niyə faydalı olduğunu izah etmək motivasiyanı artırır.Yeni mövzuya giriş müəllim üçün kreativlik tələb edən, amma dərsin gedişatına müsbət təsir göstərən mühüm mərhələdir. Doğru üsullarla təqdim olunan mövzu həm dil bacarıqlarını inkişaf etdirir, həm də tələbənin dərsə marağını artırır.
Təlim olduqca məhsuldar, maraqlı və interaktiv keçmiş, iştirakçıların mövzu ilə bağlı diskusiyyası ilə yekunlaşmışdır.