






01 may 2025-ci il tarixdə Gəncə Dövlət Universitetinin akademik heyəti üçün dörd moduldan ibarət olan “Xarici dili öyrənmədə uğurun açarı: düzgün yanaşma və davamlılıq”adlı təlim proqramının ilk mərhələsi baş tutdu. Proqramın “İngilis dilini aktiv istifadəyə tətbiq etmə: praktiki yanaşmalar’’ adlı ilk modulunun təqdimatı Praktik xarici dillər kafedrasının müəllimi Aysel Nuriyeva tərəfindən keçirildi.
Modula daxil olan mövzular:
1. Gündəlik ingilis dili və “survival” (yaşamaq üçün lazım olan dil) dili
2. Hədəf dildə düşünmə texnikası
3. Əlavə stimullar-məşğuledici oyunlar və mahnılardan istifadə
4. Vizual irəliləyiş cədvəlləri
Təlimin Məqsədi:
İştirakçıları funksional və gündəlik dil bacarıqlarını inkişaf etdirməyə yönəlmiş strategiyalarla və öyrənməni daha effektiv edən metodlar və yanaşmalarla tanış etmək; iştirakçılara xarici dil öyrənərkən tez-tez edilən səhvlər haqqında məlumat vermək və onlara həmin səhvlərdən necə qaçınmaq lazım olduğunu və praktiki fəaliyyətlərlə dil öyrənmənin real həyata tətbiqini təcrübədən keçirməyi öyrətmək;
Təlimin Metodologiyası (istifadə olunan üsullar):
- Qısa və qarşı tərəfə yönəldilmiş mühazirələr
- Interaktiv diskussiyalar
- Real situasiya simulyasiyaları
- Praktiki tapşırıqlar və oyunlar
- Rəy sorğuları və refleksiya
Təlim saat 12:30–13:30 zaman aralığında əyani formada, V tədris binasının kitabxanasında təşkil olunmuşdur. Bu təlimin iştirakçıları gündəlik həyat situasiyalarını simulyasiya etməklə ingilis dilinin aktiv istifadəsinin təhlili imkanı qazandılar.
Təlimin sonrakı modulları may ayı ərzində hər həftə cümə axşamı günləri davamlı şəkildə təşkil olunacaq.
Bu təşəbbüs Gəncə Dövlət Universitetində çalışan bütün akademik heyətin xarici dil biliklərinin artırılmasına yönəlmiş davamlı inkişaf strategiyasının tərkib hissəsidir.
Təlimin yekununda iştirakçılar Survival İngilis dili ifadələri və hədəf dildə düşünmə yolları, əyləncəli oyunlar və mahnıların motivasiyadakı əhəmiyyəti, o cümlədən ingilis dilini öyrənərkən öz proqreslələrini necə izləməli olduqları ilə tanış oldular. Eyni zamanda, iştirakçılar təlim zamanı simulyasiyaları real həyata tətbiq bacarıqlarını inkişaf etdirdilər.
Təlimin sonunda iştirakçıların sualları cavablandırıldı və hər bir iştirakçı təlim haqqındakı fikirlərini bölüşdü.