Universitetimizdə imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

Gəncə Dövlət Universitetində (GDU) 2024/2025-ci tədris ilinin payız semestrinin  imtahan sessiyasına ictimai baxış keçirilib. 

Mediaturda millət vəkili Pərvin Kərimzadə, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova,  “Novosti Qyandja” qəzetinin baş redaktoru İrina Kalaşnikova, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi İlkin Cavadov, KİV nümayəndələri və tələbə valideynləri iştirak ediblər.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Tədris məsələləri üzrə prorektor  Şahin Xurşudov, Elm və innovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə mediatur iştirakçıları ilə birgə universitetin auditoriyalarında imtahanların gedişini yaxından izləyiblər. Mediaturda imtahan prosesinin təşkili və keçirilməsi qaydaları ilə bağlı məlumat verilib. Diqqətə çatdırılıb ki, “2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər vaxtında görülüb, imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi və tələbələrin biliklərini nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb.

Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərir.

Mediatur iştirakçıları ayrı-ayrı auditoriyalarda imtahanlara ictimai baxış keçiriblər. Bununla yanaşı imtahan prosesini izləmək üçün xüsusi monitorlarla təchiz edilmiş müşahidə otağı ilə də tanış olublar.

Sonda mediatur iştirakçıları imtahanın gedişi və təşkili ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.

Tələbə valideynləri imtahanlarda obyektivliyin, şəffaflığın təmin olunmasına və imtahanların ədalətli şəkildə təşkilinə görə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova təşəkkürlərini bildiriblər.

Qeyd edək ki,  payız semestrinin imtahan sessiyası yazılı, test, şifahi və yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçirilməsi nəzərdə tutulur. 6 yanvar 2025-ci il tarixdə başlayan  imtahan sessiyası 31 yanvar tarixində yekunlaşacaqdır.