Müstəqilliyimizin on ili – 1993-2003-cü illər ərzində dahi Heydər Əliyev “siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir” məşhur kəlamda söylənildiyi kimi, düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl və potensial rolunu oynadı.
Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət – Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Zaman Heydər Əliyevin bu inamını təsdiq edir və Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.