Sülh bəşəriyyət üçün gərəkli olan dəyərdir, əmin-amanlığa, dinc yanaşı yaşamağa çağırışdır. Sülhün qorunması uşaqlarımızın qorunması deməkdir. Bütün müharibələr sülh ilə sona çatıb. Sülh bütün vasitələrdən güclüdür. Dünyada sülh gününün keçirilməsi sülhsevər xalqların bir araya gələrək bəşəriyyətin xilası üçün birlik nümayiş etdirməsidir.
Beynəlxalq Sülh Günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1981-ci ildə qəbul etdiyi qətnamə ilə təsis edilib. İlk sülh günü 1982-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan etibarən hər il sentyabr ayının 3-cü çərşənbə axşamı Beynəlxalq Sülh Günü kimi keçirilirdi. Lakin BMT Baş Assambleyasının 2001-ci ildə qəbul etdiyi qətnaməyə əsasən, Beynəlxalq Sülh Günü artıq bütün sülhsevər ölkələrdə 21 sentyabr tarixində qeyd olunur.
Hər il Beynəlxalq Sülh Gününü qeyd edən Azərbaycan yaşından, irqindən, milliyyətindən, dinindən, dilindən və cinsindən asılı olmayaraq hər kəsi sülhə səsləyir. Dünyada analoqu olmayan bir faciəni – Xocalı faciəsini yaşayan xalqımız belə bir soyqırımın təkrarlanmasını istəmir. Münaqişə ocaqlarının alovlanmasının qarşısının alınmasını istəyir. Dünyamıza sülh gərəkdir! Nə qədər ki, gec deyil, analar bundan sonra da bir səslə deməlidirlər:
Mən anayam, bu səsimdə yerin, göyün dərdi var,
Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar.