Layihəyə may ayının 6-da start verildi. GDU-nun xarici dillər fakültəsinin ingilis dili müəllimlik ixtasının 18 könüllü tələbədən ibarət heyəti şəhid, qazi və aztəminatlı ailələrin övladlarına 3 ay müddətində ödənişsiz əsaslarla ingilis dili dərsləri tədris edir. Layihəmizin məqsədi öyrənmək istəyib də maddi cəhətdən bunu qarşılaya bilməyən ailələrin övladlarının dil hazırlığını qarşılamaqdır. Həmçinin layihəmizdə 5 könüllü psixoloq, psixoloji problemləri olan uşaqlara dəstək göstərir. Əlavə olaraq qeyd edək ki, layihəmizdə yer alan iki müəllim ibtidai siniflər üçün təkmilləşdirmə dərsləri həyata keçirir.
17 aprel tarixində GDU Xarici dillər fakultəsinin könüllü tələbələri ilə görüş oldu. Üzvlər motivasiya xarakterli video materiallar izlədilər daha sonra açıq havada “conversation club” keçirildi. Üzvlərlə səmimi söhbətlər edildi və onların danışıq səviyyələri müəyyən olundu. 22 apreldə tələbələr üçün səviyyə imtahanı təşkil olundu. İmtahan nəticələrinə görə hər tələbənin səviyyəsinə uyğun qruplar yaradıldı.
Dərslərimiz maksimum 6 nəfərdən ibarət qruplar şəklində, 1 saat ərzində tədris olunur. Daha səmərəli nəticə əldə etmək üçün dərs müddətində uşaqların oxuma, dinləmə və danışıq bacarıqlarını inkişaf etdirməyə yönələn audio və video materiallardan istifadə olunur. Uşaqlarda dərsə olan marağı artırmaq üçün həvəsləndirici oyunlar, sorğular və musiqilərdən də istifadə olunur.
May ayının 16-da Gəncə şəhəri YAP binasında layihənin açılış mərasimi oldu. Açılış mərasimində könüllü müəllimlər, psixoloqlar, valideynlər, şagirdlər, şəhidimiz Hacı Rauf Əsgərovun anası Briliant xanım iştirak edirdilər. Təqdimat mərasimdə tədris fəaliyyətinə aid səmimi görüntülər, şəhidimizin həyat boyu etdiyi vətənpərvər işlərin toplanıldığı slaydlar, könüllü heyətimizin həftəsonu fəaliyyətlərində çəkdiyi videolar nümayiş etdirildi.
Həftəsonları müəllim və şagirdlər birlikdə müxtəlif fəaliyyətlərdə iştirak edirlər. Aprel ayının 24-də Xan bağında evsiz quşlar üçün quş damları hazırlandı. Həmçinin maraqlı oyunlar, gitara sədaları altında şən söhbətlər keçirildi.
Könüllü müəllimlərimizi həvəsləndirmək və təcrübələrini artırmaq üçün Master N1 Tədris Mərkəzinin ingilis dili müəllimi Araz Veyisli ilə təlim formatında onlayn görüş keçirildi. Görüş zamanı tədris prosesinin gedişatı, müəllim-şagird münasibətləri, tədrisin daha səmərəli keçirilmə yolları və s. kimi məsələlər müzakirə olundu. Görüşdə fəal iştirak edən müəllimlərə təşəkkürnamələr verildi.
May ayının 8-də Gəncə Maarif evində kitab günü təşkil olundu, bir-birindən maraqlı maarifləndirici kitablar oxundu. İştirakçılarımız oxu sonunda dərk etdiyi maraqlı məlumatları bir-birləri ilə paylaşdılar.
28 May-Respublika günü ilə əlaqədar olaraq tədris mərkəzimiz bayrağımızın al-əlvan rənglərinə boyandı, müəllim və şagirdlər əyləncə dolu saatlar keçirdilər.
May ayının 29-u Mərkəz rəhbərliyi, könüllü müəllimlər, tədris görən uşaqlar və onların valideynləri Şəhidlər Xiyabanında şəhidlərimizi ziyarət etdilər, məzarları üzərinə qərənfil dəstələri qoyuldu.
Tədris mərkəzimizdə təhsil alan V-IX sinif şagirdləri Gəncə şəhidlərinin ailələrinə məktublar yazdılar. Onlar şəhidlərimizi daima xatırlayacaqlarını və ziyarət edəcəklərini fəxr dolu misralarında dilə gətirdilər. Tədris fəaliyyəti və dərsdən-kənar fəaliyyətlərdə fəal iştirak edən valideynlərə təşəkkürnamələr təqdim edildi.