Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində Gəncə Dövlət Universitetinin tələbələrinin iştirakı ilə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi keçirilib.
Düşərgədə Gənclər və İdman Nazirliyinin nümayəndələri, Goranboy rayon İcra Hakimiyyətinin rəsmiləri, Gəncə- Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, GDU-nun İdman Klubunun sədri Xaqani Umudov, universitetin İdman Klubunun məşqçisi, 44 günlük Vətən müharibəsinin iştirakçısı Orxan Əliyev və Universitetin 50-dən çox fəal tələbəsi iştirak edib.
GDU-nun İdman Klubunun sədri Xaqani Umudov çıxış edərək gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, onları sağlam həyat tərzinə təşviq etmək məqsədi ilə keçirilən düşərgənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, gənclər hər bir millətin inkişafının təməl daşıdır. Bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların hazırlanmasından, aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan belə tədbirlər cəmiyyətdə Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir.
Gənclər və İdman Nazirliyinin nümayəndələri çıxışında gənclər arasında keçirilən hərbi-vətənpərlik düşərgəsinin məqsədindən və həyata keçirilən işlərdən söhbət açıblar, gənclərin yüksək vətənpərvərlik ruhunda yetişdirilməsinə görə univeristet rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Çıxışlardan sonra düşərgə hərbi simulyativ formatda təşkil olunub. GDU-nun tələbələrindən ibarət olan “Mübarizlər”, “Aslanlar”, “Canavarlar”, “Şahinlər” və “Əqrəblər” adlı komandalara Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbçiləri tərəfindən sıra, topoqrafiya, mühəndis, komandir, kəşfiyyat, atəş hazırlığı və digər hərbi təlimlər keçirilib.
Bununla yanaşı gənclər üçün maraqlı idman və hərbi-idman oyunları, intellektual oyunlar və “Məclisi-üns” bədii gecəsi təşkil edilib.
Yekun nəticələrə əsasən, “İgidlər” komandası birinci olub. “Əqrəblər” ikinci, “Aslanlar” isə üçüncü yerə layiq görülüblər.
Qeyd edək ki, “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsində fəal iştirak edən tələbələrə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və İdman Klubu tərəfindən Fəxri Fərmanlar veriləcək.