- Ramazan bayramı dövlət səviyyəsində qeyd olunur. Orucluq (Ramazan) bayramı Azərbaycanda Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başladı.
- Ramazan bayramının məqsədlərindən biri müsəlmanların toplanması və görüşməsidir. Müsəlmanlar bayramda görüşür, bir yerdə namaz qılırlar. Oruc ibadətlərini bitirdikdən sonra müsəlmanlar bayram keçirir və bir yerə yığılırlar. Bayramın başqa məqsədlərindən də, müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrabalarla görüşməsi, əgər arada inciklik varsa barışması üçündür. Bayramda kasıblar və yoxsullar da sevinməlidir, onlar da yeni paltar geyərək bütün müsəlmanlarla bir yerdə namaza gəlməlidirlər. Məhz buna görə fitrə zəkatı buyurulmuşdur ki, yoxsul müsəlmanlar da bayramı keçirsinlər və hamı kimi şənlənsinlər.
Azərbaycanda bu bayramın xüsusi önəmi var. Əvvəlcə bayram namazları qılınır, sonra isə fitrə yığılır. Bu bayramda fitrənin önəmi də çox böyükdür. Fitrələr yığılır və ehtiyacı olan adamlar bundan istifadə edirlər. Bu bayram xalqın milli-mənəvi dəyərlərində, yaddaşlarında yaşayır və nə qədər gözəl qeyd olunsa, o qədər yaxşıdır.
Ramazan ayının başlanğıcı Hicri-qəməri təqvimlə müəyyən edilir və orucun müddəti 29 və ya 30 gündür. Bu il oruc tutmaq martın 23-də başlayır.Ay Ramazan ayının son günündə Günəş batdıqdan sonra üç gün davam edən Fitr bayramı ilə başa çatır.
Qafqaz Müsəlmanları İdarəsinin təqdim etdiyi təqvimə əsasən, aprelin 21-22-si orucluq başa çatacaq, yəni bayram günləri elan olunacaq.