xarici dillər fakültəsində ŞƏHİD YÜKSƏL ƏLİZADƏNİN XATİRƏSİNƏ AUDİTORİYANIN AÇILIŞI OLMUŞDUR

 Əlizadə Yüksəl İlqar oğlu!!!

24 il yaşasa da, onun əməlləri Azərbaycanın qəhrəmanlıq tarixinə yazıldı.

Ölkəmizin  hər yerində olduğu kimi Gəncə Dövlət Universitetində də Vətən müharibəsində şəhid olmuş oğullarımızın xatirəsinə böyük ehtiram göstərilir. Onların xatirəsini əbədiləşdirmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Elə noyabrın 17-də belə tədbirlərdən biri reallaşdırılmış, 44 günlük Vətən müharibəsində şəhid olmuş Əlizadə Yüksəl İlqar oğlunun adına auditoriyanın açılışı olmuşdur.

Düşmən üzərində qazanılan möhtəşəm qələbəmizdən iki il keçməsinə baxmayaraq bu gün də Yüksəlin, eləcə də digər qəhrəman oğullarımızın xatirəsi əziz tutulmaqla onların adları əbədiləşdirilir.

Açılışda Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükuta yad edilmişdir. Sonra universitetin rektoru, professor Yusif Yusibov çıxış edərək diqqətə çatdırmışdır ki, şanlı tarixi qələbəmizdən iki il keçməsinə baxmayaraq Azərbaycan xalqı zəfər dolu həmin günləri bu gün də minnətdarlıq hissi ilə yad edir. Başlanğıcını 2020-ci il 27 sentyabrdan götürən və 10 noyabrda Azərbaycanın tam qələbəsi ilə başa çatan Vətən müharibəsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azəbaycan Ordusunun əsgər və zabitləri döyüş meydanında tarixi ədaləti bərpa etdilər. Söz yox ki, bu döyüşlərdə Azərbaycan xalqı da xeyli şəhid verdi ki, onların da arasında Gəncə Dövlət Universitetinin Leksikologiya və ölkəşünaslıq kafedrasının müdiri Sevda Kazımovanın oğlu Yüksəl Əlizadə də var idi ki, indi haqlı olaraq bütün universitet onunla fəxr edir.   

        AMEA-nın Gəncə bölməsinin rəhbəri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gəncə Cümə məscidinin axundu Əlisəftər Səfərəliyev, Yüksəlin orta məktəbdə müəllimi olmuş Bəxtiyar Məhərrəmov, şairə Səadət Rzayeva, vaxtilə onunla bir sinifdə təhsil alan Nərgiz Əhmədqızı və başqaları çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbədə əsl igidlik göstərən, eləcə də insanpərvərliyi ilə seçilən Yüksəl Əlizadə haqqında ürək sözlərini söyləmişlər.

        Mərasimin sonunda Yüksəlin anası, Gəncə Dövlət Universitetinin Leksika və ölkəşünaslıq kafedrasının müdiri Sevda Kazımova çıxış edərək övladının xatirəsinə göstərilən ehtirama görə universitetin rəhbərliyinə və iştirakçılara ailəsi adından minnətdarlığını bildirmişdir.