İlaxır çərşənbə Su, Od və Yel çərşənbələrindən sonra gəlir. Bu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə tanınır.
Türk mifologiyasına görə, bu dövrdə yatmış torpaq oyanaraq insanları aclıqdan qurtarır. Əkinçilər əkin-biçinə başlayır, yer şumlanır, toxum səpilir. Həmin gün axşam tonqallar qalanar, hamı od ətrafında yığışar.
İlaxır çərşənbə xalqımız üçün çox əzizdir. O gün küsülülər barışır, hamı təzə paltar geyinməyə, qulaq falına çıxanları düşünüb xoş sözlər deməyə çalışır. İnama görə, ilaxır çərşənbədə ilkin olaraq hansı sözü eşitsən, ili o cür başa vuracaqsan. Həmin axşam yandırılan bayram tonqalının ətrafında insanlar dövrə vuraraq onun üstündən tullanar, üzərlik yandırar, “ağırlığım- uğurluğum odlara tökülsün” deyərlər.
İlaxır çərşənbədə halal zəhmətə çağırış, torpağa məhəbbət vardır. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir. Torpaq əzizlənir, adamlar torpağı təmizləməyə çıxırlar. Artıq əkinə başlamaq olar. Əslində elə Novruzun özü, torpağın oyanması yeni əkin mövsümünün başlanması ilə səciyyəvidir. Bir çox bölgələrdə bu çərşənbə Novruz bayramından da çox təmtəraqla qeyd olunur.
İlin Axır çərşənbəsi Gəncədə də xüsusi təntənə ilə qeyd olunur: belə düşünürlər ki, İlaxır çərşənbənin ovqatı bütövlüklə gələcəyə sirayət edir. Hər yanda ləziz xörəklər hazırlanır, süfrə açılır.Əvvəllər ilin axırıncı çərşənbəsi axşamı “Dan atmaq”, yəni gecəni oyaq keçirmək ayini də icra olunardı. Kimi fal açar, kimi qapıları pusaraq, dan sökülənə kimi yatmazdı. Dan ulduzunun çıxmağını birinci kim görürdüsə, onun arzusunun həyata keçməsinə inanardılar.